ABB böyük həcmli sindikasiya krediti cəlb etmişdir
19.08.2009 Bu günlərdə Azərbaycan Beynəlxalq Bankı tərəfindən 53,5 milyon ABŞ dolları və 5 milyon avro məbləğində sindikasiyalı kreditin cəlb edilməsinə dair saziş imzalanmışdır. Bu, cari ildə beynəlxalq maliyyə bazarlarında ən iri əqddir ki, bu da davam edən qlobal maliyyə böhranı və beynəlxalq maliyyə bazarlarında sərbəst vəsait çatışmazlığı şəraitində investor tərəfindən Azərbaycan bankına olan etimadın və yüksək marağın mövcud olmasına bir sübutdur.
Sindikasiyanın səlahiyyətli təşkilatçıları rolunda beynəlxalq bank biznesinin Citibank, N.A., Cooperatieve Centrale Raiffeisen-Boerenleen Bank B.A., Landesbank Baden-Wurttemberg və Raiffeisen Zentralbank Osterreich Aktiengesellschaft kimi liderləri çıxış edirlər. Ümumiyyətlə, sindikasiyada dünyanın müxtəlif ölkələrinin 10 bankı iştirak etmişdir, onların arasında The Economy Bank N.V., Banque de Commerce et de Placements, Yapi ve Kredi Bankasi A.S., FBN Bank (UK), Unicredit Bank Austria AG və Bayerische Hypo und Vereinsbank AG kimi banklar vardır. Əlavə etmək lazımdır ki, bu bankların əksəriyyəti ABB üçün əvvəlki sindikasiyalarının təşkilində artıq iştirak etmiş və ya ikitərəfli saziş çərçivəsində banka vəsait vermişdir.